Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” Novruz bayram yarmarkası təşkil olunur. Martın 9-dan 19-dək fasiləsiz olaraq bayram yarmarkası xidmət göstərəcək.
Bu sözləri "Aqrar tədarük və təchizat" ASC-nin nümayəndəsi Asiman Aslanova deyib.
A.Aslanova bildirilib ki, yarmarkanın keçirilməsində əsas məqsəd bayram günləri ərəfəsində şəhər sakinlərini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.
“Eləcə də əsas məqsədimiz fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. Məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Belə ki, yarmarkanın girişində səyyar qida laboratoriyası fəaliyyət göstərir.
Əgər vətəndaşların məhsul keyfiyyəti ilə bağlı hər hansı bir sualı olarsa, laboratoriyanın xidmətlərindən də istifadə edə bilərlər. Bildirmək istəyirəm ki, burada fermerlər iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçiblər. Bunun üçün Çağrı Mərkəzimiz, həm Aqrar Tədarük və Təchizat, həm də “Kənddən şəhərə” yarmarkasının sosial şəbəkələri ilə qeydiyyatdan keçdikdən sonra yarmarkada iş qrafiki ilə təmin olunublar.
Burada onlara iş xidmətləri ödənişsiz təmin olunub. Fermerlər burada soyuducu, piştaxta, tərəzi və digər lazımi adavdanlıqlarla təchiz olunublar. Ümumilikdə 10 gün ərzində həyata keçiriləcək yarmarkada martın 25-dək regiondan 50-dən çox fermer iştirak edir və onlar 100-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Buradakı bütün məhsullar fermerlərin özü tərəfindən satışa çıxarılıb, hamısı təbii kənd məhsullarıdır”, - deyə ASC-nin nümayəndəsi vurğulayıb.
Qiymətlərin fermerlər tərəfindən müəyyən olunduğunu sözlərinə əlavə edən A.Aslanova yarmarkada təklif olunan məhsulların bazar qiymətlərindən ucuz olunduğunu qeyd edib. (azertag)