“OPEC+” üzvləri gələn ilin əvvəlində gündəlik hasilatın demək olar ki, 2 milyon barel azaldılması ilə bağlı razılığa gəliblər.
Xezerxeber.az xəbər verir ki, “Reuters”in mənbəsinin məlumatına görə, alyansın onlayn iclasının iştirakçıları noyabrın 30-da bu qərara gəliblər.
Eyni zamanda, Rusiya neft hasilatını gündəlik 500 min barel azaltmağa hazırlaşır. Səudiyyə Ərəbistanı isə neft hasilatını könüllü olaraq sutkada 1 milyon barel azaltmaq qərarını uzadıb. “Bloomberg” bildirib ki, alyansda iştirak edən digər ölkələr də gündəlik neft hasilatını 1 milyon barel azaldacaq.
Eyni zamanda, hasilatın azaldılması bütün “OPEC+” iştirakçılarına təsir etməyə bilər.
“Brent” markalı neftin qiyməti neft hasilatının azalacağı xəbəri ilə yüksəlməyə davam edib. Belə ki, yanvar ayının fyuçersləri üzrə 1,28 faiz artaraq bir barel üçün 84,16 dollar təşkil edib. Bunu London ICE birjasının məlumatları təsdiqləyir. NYMEX birjasında isı WTI markalı xam neftin yanvar fyuçersləri 1,37 faiz artaraq bir barel üçün 78,93 səviyyəsində başa çatıb.