İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çərşənbə günü bu il üçün qlobal iqtisadi artım proqnozunu 2,9 faizə endirib, lakin 2024-cü il üçün onu dəyişməyərək 2,7 faiz səviyyəsində saxlayıb.
Xezerxeber.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, OECD-nin noyabr ayı qlobal iqtisadi şərh hesabatına əsasən, qlobal ümumi daxili məhsulun (ÜDM) artımı 0,1 faiz bənd aşağıya doğru yenidən nəzərdən keçirilib. "ÜDM artımı 2023-cü ilə qədər gözləniləndən daha güclü olub, lakin o, indi daha sərt maliyyə şərtləri, zəif ticarət artımı, aşağı biznes və istehlakçı inamı fonunda mülayimləşir", - deyə hesabatda qeyd olunub.
İnflyasiya səviyyəsinin aşağı düşməsi və real gəlirlərin artması ilə qlobal ÜDM-nin 2025-ci ildə 3 faiz artacağı proqnozlaşdırılır.
Mənzil-qərargahı Parisdə yerləşən təşkilat vurğulayıb ki, qlobal artım sürətlə inkişaf edən Asiya iqtisadiyyatlarından yüksək dərəcədə asılı olaraq qalır.
OECD ABŞ iqtisadiyyatı üçün artım proqnozunu həm 2023, həm də 2024-cü illər üçün 0,2 faiz bənd yüksəldərək, onları müvafiq olaraq 2,4 faiz və 1,5 faizə qaldırıb. ABŞ-da pul siyasətinin yumşaldılması sayəsində 2025-ci ildə ÜDM artımının 1,7 faiz olacağı gözlənilir.
Çinin bu il üçün artım proqnozunu 0,1 bənd artıraraq 5,2 faizə, gələn il üçün isə 4,7 faizə yüksəldən OECD qeyd edib ki, bu ölkənin iqtisadiyyatının 2025-ci ildə 4,2 faiz artacağı proqnozlaşdırılır, çünki daşınmaz əmlak sektorunda yaranan gərginliklər və yüksək ev təsərrüfatlarının qənaət dərəcələrinin davam edəcəyi gözlənilir.
OECD G20 iqtisadiyyatlarının bu il 3,1 faiz, gələn il 2,8 faiz, 2025-ci ildə isə 3 faiz artacağını proqnozlaşdırır.
OECD ölkələrində istehlak qiymətləri inflyasiyasının 2023-cü ildəki 7,0 faizdən 2024-cü ildə 5,2 faizə, 2025-ci ildə isə 3,8 faizə düşəcəyi gözlənilir. "Biz gözləyirik ki, əksər iqtisadiyyatlarda inflyasiyanın səviyyəsi 2025-ci ilə qədər mərkəzi bank hədəflərinə qayıdacaq", - deyə OECD-nin Baş katibi Matias Kormann bildirib.