Hindistan hökuməti daxili bazarda qiymətlərin artmasının qarşısını almaq məqsədi ilə gələn il də düyü ixracatına məhdudiyyətləri davam etdirməyi planlaşdırır.
Xezerxeber.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, dünyanın ən iri düyü ixracatçısı olan Hindistan cari ildə bu məhsulun ixracına embarqo qoyub və FAO-nun məlumatına görə, bu məhdudiyyət dünya bazarlarında qiymətlərin 24 faiz, bu ilin avqustunda isə son 15 ilin əy yüksək səviyyəsinə qalxmasına səbəb olub. İfrat qiymətlər bəzi ölkələri Hindistandan düyü idxalını dayandırmağa vadar edib.
Əmtəə bazarı ekspertləri bildirirlər ki, Hindistanın Baş naziri Narendra Modi 2024-cü ildə bu ölkədə keçiriləcək seçkilər fonunda əhalinin istehlak etdiyi əsas qida məhsulu olan düyünün qiymətlərini sabit saxlamağa çalışacaq. Nəticədə, 2023-cü ildə tətbiq edilən məhdudiyyətlər gələn il də davam edəcək.
Bu arada, iqlim fəlakətləri fonunda Hindistanın özündə də düyünün qiymətləri qalxıb və oktyabrda pərakəndə satışlarda 18 faizlik artım qeydə alınıb. Narendra Modi hökuməti vəziyyətdən çıxış yolunu əhalinin yoxsul təbəqəsinə ərzaq kartları paylamaqda görür.