Səudiyyə Ərəbistanının enerji nəhəngi olan “ACWA Power” şirkəti bu gün Azərbaycanda külək enerjisi layihəsi üçün 246 milyon dollarlıq maliyyə sazişləri imzalanacağını açıqlayıb.
AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, sözügedən sənəd Avropa Yenidənqurma və İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu ilə imzalanacaq. Sazişlərdə Azərbaycanda 240 meqavat gücü artıracaq külək enerjisi layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Şirkət cümə axşamı Səudiyyə Ərəbistanının “Tadawul” portalına verdiyi açıqlamada layihənin 240 meqavat gücündə külək elektrik stansiyasının inşasından ibarət olduğunu və ümumi investisiya dəyərinin 347 milyon dollar (71 faizi səhmdarlara müraciət hüququ olmadan) təşkil etdiyini bildirib.
Bildirilib ki, layihənin operator şirkəti – “ACWA Power”ə bağlı Məhdud Məsuliyyətli Cəmiyyət olan “ACWA Power Azerbaijan Renewable Energy” maliyyələşdirən tərəf olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və OPEC-in Beynəlxalq İnkişaf Fondu (OFID) ilə 246 milyon ABŞ dolları dəyərində maliyyə sazişləri imzalayacaq.
Maliyyələşmə müddəti 20 ildir və maliyyələşdirmə müqabilində verilən təminatlar “ACWA Power”in körpü kreditindəki payına və onun səhmlərinə hesablanıb.