Xəzər Xəbər

“Meta” və “IBM”in gəlirləri artıb

İqtisadiyyat | 13:14 • 26 Oktyabr 2023
“Meta” və “IBM”in gəlirləri artıb

Feysbuk, instaqram və vatsapa sahib olan “Meta”nın gəliri ilin üçüncü rübündə 34,1 milyard dollara, “IBM”in gəliri isə 14,8 milyard dollara yüksəlib.

Bu barədə “Meta” və “IBM”in iyul-sentyabr dövrü üçün olan hesabatlarında bildirilib.

Hesabata görə, “Meta”nın bu ilin üçüncü rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 34,1 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə edib.

“Meta”nın xalis mənfəəti bu ilin üçüncü rübündə 164 faiz artaraq 11,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət əldə edib. Şirkətin 2022-ci ilin üçüncü rübündə 1,64 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,39 dollara çatıb.

“Meta”nın törəməsi olan feysbukun gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu müddət ərzində artmağa davam edib. Feysbukun gündəlik aktiv istifadəçilərinin sayı sentyabr ayı etibarilə illik müqayisədə 5 faiz artaraq 2,09 milyarda çatıb. Sentyabrın 30-u tarixinə şirkətin işçilərinin sayı əvvəlki ilə nisbətən 24 faiz azalaraq 66 min 185-ə düşüb.

İyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayan “IBM”in üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 14,8 milyard dollara çatıb. “IBM” 2022-ci ilin üçüncü rübündə 14,1 milyard dollar gəlir əldə edib.

Hesabatda qeyd olunub ki, şirkətin xalis mənfəəti ilin üçüncü rübündə 1,7 milyard dollara yüksəlib. “IBM” ötən ilin üçüncü rübündə 3,2 milyard dollar zərər gördüyünü açıqlamışdı.

Ötən ilin üçüncü rübündə hər səhmə görə 3,54 dollar xalis zərərlə üzləşən şirkət bu ilin eyni rübündə hər səhmə görə 1,84 dollar xalis mənfəət əldə edib. (AZƏRTAC)

Xəbər lenti