Gənclər Fondunun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Azərbaycan Mərkəzi Bankının lisenziya verdiyi və Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Fond kredit götürənin güzəştli kredit üzrə əsas borcu və hesablanmış faizləri müvəkkil kredit təşkilatına ödəmə müddəti ilə müvəkkil kredit təşkilatının həmin vəsaiti Fonda köçürməsi müddətinin üzləşməsini aparmaq və ya bunun üçün Mərkəzi Banka müraciət etmək hüququna malikdir.
Fond bu müraciəti etdikdə Mərkəzi Bank fəaliyyət istiqamətinə uyğun olaraq müvəkkil kredit təşkilatında yoxlama apararkən bu məsələni də araşdırır və nəticəsi barədə Fonda məlumat verir.