Bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10,1 % çoxdur.
Xezerxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Sənəddə deyilir ki, dövlət büdcəsinin gəlirlərinin 52,3 %-i və ya 17 milyard 739,7 milyon manatı neft-qaz sektorunun, 47,7 %-i və ya 16 milyard 150,8 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.
Bu ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1 milyard 442,7 milyon manat və ya 8,9 %, qeyri-neft/qaz sektoru üzrə isə 1 milyard 673,8 milyon manat və ya 11,6 % artması gözlənilir.
Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft/qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 faiz bəndi artaraq 47,7 % təşkil edəcək.
Sənədə görə, dövlət büdcəsinin yenidən baxılmış xərclərinin 36 milyard 624,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 9,8 % çoxdur.
Qeyd olunan xərc artımının maliyyə təminatı olaraq 2023-cü il dövlət büdcəsinin gəlirləri 3 milyard 116,5 milyon manat (o cümlədən, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 457,7 milyon manat), kəsiri isə 155 milyon manat artırılıb.
Bununla yanaşı, dövlət büdcəsinin təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yerdəyişməsi hesabına büdcə xərcləri daxilində 1 milyard 122,9 milyon manat məbləğində əlavə maliyyə təminatı yaradılıb.
Bütövlükdə yaradılmış 4,4 milyard manat məbləğində maliyyə resurslarının 2 milyard 260 milyon manatının işğaldan azad olunmuş Qarabağ və Şərgi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub.
"Digər prioritet xərc istiqaməti olan ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılması məqsədilə xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 070 milyon manatdan 3 milyard 070 milyon manata çatdırılıb. (report)