Rusiya taxıl sazişinin müddətini uzatmaqdan imtina etdikdən sonra Ukrayna taxılının dünya bazarına daşınması üçün yeni mexanizmlər üzərində iş aparılır. Ukraynanın tərəfdaş ölkələri Rusiyanın bu qərarını dünya birliyinə qarşı təzyiq rıçaqı kimi qiymətləndirir.
Artıq Ukrayna Rusiyasız taxıl sazişini davam etdirmək niyyətini açıqlayıb və Prezident Volodimir Zelenski bununla bağlı Türkiyə və BMT rəhbərliyinə rəsmi müraciət ünvanlayıb. Rəsmi Kiyev bu məsələdə yenə də Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana güvənir.
Ukraynalı ekspert Oleq Kupçik mövzu ilə bağlı AZƏRTAC-a müsahibəsində bildirib ki, Ukrayna taxıl sazişinin tətbiqi hüququnu özündə saxlayır. Prezident Volodimir Zelenski bəyan edib ki, Ukrayna sazişin müddətinin uzadılmasında maraqlıdır. Rusiyanın Ukrayna gəmilərinin fəaliyyətini bloklaması beynəlxalq cinayətidir, hüquq pozuntusudur. Moskva buna görə cavab verməlidir.
“Türkiyə yenidən sazişin müddətinin uzadılması təşəbbüsü ilə çıxış edib. İnanıram ki, Türkiyə bu problemin həllinə yardımçı olacaq”, - deyə ekspert əlavə edib.
Ukrayna rəsmiləri və ekspertləri Türkiyənin problemin həllinə nail olacağına ümidlidir. Lakin bununla paralel olaraq digər variantlar üzərində iş aparılır. Bu məsələdə də Ankaranın liderliyinə inam böyükdür.
Oleq Kupçik vurğulayıb ki, Türkiyə taxıl sazişinin müddətinin uzadılmasında maraqlıdır, Çin də problemin həllinin tərəfdarıdır. Sazişin uzadılması diplomatik yolla həllini tapmasa, onda beynəlxalq hərbi koalisiya bu məsələdə birləşməlidir.
“Əgər beynəlxalq hərbi koalisiya birləşsə, Ukrayna taxılı Rusiyasız da dünya bazarına çıxa bilər. Türkiyə bu beynəlxalq koalisiyaya rəhbərlik etməlidir. Hərbi gəmilərin müşayiəti ilə taxıl və ərzaq daşıyan gəmilər öz işlərini davam etdirə bilər. Ona görə də Rusiyasız taxıl sazişinin yeni mexanizmi tətbiq edilə bilər”, - deyə Oleq Kupçik qeyd edib.