Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri artırılır. Yəni, fondun gəlirləri və xərclərinin hər birinin 5 milyon manat artırılaraq müvafiq olaraq 212 milyon 668 min 344,5 manatdan 217 milyon 668 min 344,5 manata çatdırılması təklif olunur.
Layihəyə əsasən, 2022-ci ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti 53 milyon 32 min 194,5 manatdan 58 milyon 32 min 194,5 manata qaldırılır və artan bu vəsait fondun gəlirlərinə əlavə edilir.
Həmçinin fondun 2023-cü il büdcəsinin xərcləri üzrə işsizliyə görə sığorta ödənişləri yönəldilən vəsaitin 11 milyon manatdan 13 milyon 500 min manata qaldırılması, peşə hazırlığı və əlavə təhsilin təşkilinə yönəldilən vəsaitin 22 milyon manatdan 20 milyon manata endirilməsi, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə yönəldilən vəsaitin iki milyon manatdan bir milyon manata endirilməsi, haqqı ödənilən ictimai işlərin təşkilinə yönəldilən vəsaitin 3 milyon 500 min manatdan 4 milyon 225 min manata qaldırılması, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin 2 milyon manatdan 1 milyon 500 min manata endirilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərclərinin 44 milyon 647 min 197,75 manatdan 48 milyon 822 min 197,75 manata qaldırılması və sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsinə yönəldilən vəsaitin 1 milyon 500 min manatdan 2 milyon 600 min manata qaldırılması təklif edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.