Azərbaycanda güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılacaq.
Xezerxeber.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşəcək:
- utilizasiyası haqqı;
- kreditlər və qrantlar;
- hüquqi və fiziki şəxslərin könüllü ianələri;
- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;
- qanunla qadağan olunmayan digər mənbələr.
Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Qanun qəbul ediləcəyi halda fondun yaradılmasına dair müddəa 2024-cü il fevralın 1-dən tətbiq olunacaq.