Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov tviterdə yazıb.
Bununla bağlı Budapeştdə P.Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında görüş keçirilib
"Əziz dostum, qardaşım və həmkarım Fatih Dönməz ilə enerji əməkdaşlığımızı dərinləşdirəcək layihələr üzrə fəaliyyətimizi dəyərləndirdik. Tezliklə İğdır-Naxçıvan kəmərinin Türkiyə hissəsinin tikintisinə başlanılacaq", - nazir yazıb.
Görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində TANAP-ın ötürücülük gücünün artırılması, SOCAR və BOTAŞ, TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Yaxın müddətdə kəmərin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağı bildirilib.
Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə "yaşıl enerji"nin Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.
Qeyd edək ki, Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz xətti ilə bağlı anlaşma memorandumunu 2020-ci il dekabrın 15-də imzalayıb.