Cari ilin fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,0 min nəfər və ya 2% artaraq 1712,1 min nəfər olub.
Xezerxeber.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, onlardan 901,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i maliyyə və sığorta fəaliyyəti, 14,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,8% artaraq 856,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.