Bakı Forumu qlobal məsələlər üçün bu ilin əsas platformasına çevrilib. Bu Forum davamlı əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Hazırda müzakirə edilən mövzuların özü bu platformanın əhəmiyyətini sübut edir.
Xezerxeber.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən panel iclasında deyib.
Tarixi İpək yolundan danışan nazir qeyd edib: “Bu marşrutun bağlanması İpək yolunda yerləşən ölkələrin iqtisadiyyatına mənfi təsir etdi. Hazırda da vəziyyət belədir. Bizim energetika sahəsində açdığımız yollar bütün dünya dövlətləri üçün iqtisadi gəlir gətirir. Bu imkanlar, eyni zamanda, ikitərəfli münasibətləri qurmağa şərait yaradır, çoxtərəfli əməkdaşlığa yol açır. Azərbaycan hazırda enerji siyasətinin aparıcı ölkələrindən biridir. Məqsədimiz, sadəcə, özümüz üçün deyil, dünya üçün təhlükəsiz enerji resurslarını təmin etməkdir”.
Ölkədə energetika sahəsində layihələrin genişləndiriləcəyini bildirən nazir deyib: “Hazırda bir neçə layihə gündəmdədir. Gələcək planlarımızda enerji resurslarının daşınmasının təhlükəsizliyini təmin etmək üçün yeni dəhlizlər inşa etmək var. Son dövrlərin geosiyasi vəziyyəti enerji və nəqliyyat dəhlizlərinə də təsir göstərir. Bu dəhlizlərdən, sadəcə, Azərbaycan deyil, həm də bütün dünya faydalana bilər”.
P.Şahbazov qeyd edib ki, indi əsas məqsəd yaşıl dəhliz qurmaq və Azərbaycanın yaşıl enerjisini Avropaya çatdırmaqdır.