Xəzər Xəbər

Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya bu məsələ ilə bağlı razılığa gələcəklər

İqtisadiyyat | 10:02 • 29 Oktyabr 2022
Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya bu məsələ ilə bağlı razılığa gələcəklər

Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniya yaxın vaxtlarda Avropa İttifaqına elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gələcəklər.

Bu barədə Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, bir neçə milyardlıq investisiya tələb edən layihədir. Yaxın vaxtlarda Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında bu layihəni eyni vaxtda həyata keçirmək barədə razılıq əldə olunacaq. Bu layihə, həm də Gürcüstanı Avropa İttifaqının enerji strukturuna birləşdirməyə imkan verəcək.

Nazir deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Gürcüstana işgüzar səfəri zamanı bildirib ki, rəsmi Bakı Gürcüstan vasitəsilə beynəlxalq bazarlara 157 GVt elektrik enerjisi tədarük etmək niyyətindədir. Deməli, Azərbaycan Gürcüstan vasitəsilə 157 GVt elektrik enerjisi ixrac edəcək”.

Bildirilir ki, bir müddət əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov Tbilisiyə səfəri zamanı L.Davitaşvili ilə görüşdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi imkanlarını müzakirə edib.

“İndi hamı Gürcüstan və Azərbaycanın regional enerji təhlükəsizliyi üçün “tarixi layihəsi” haqqında danışır” – deyə, L.Davidaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin iki gün öncə Macarıstana səfəri zamanı da bu məsələ diqqət mərkəzində olub.

Macarıstanın baş naziri Viktor Orban deyib ki, ölkəsi Gürcüstandan keçməklə Azərbaycandan elektrik enerjisi almağa hazırdır.

Xəbər lenti