Xəzər Xəbər

Azərbaycan dilində markalanmayan məhsulların ölkəyə daxil olmasının qarşısı alınır

İqtisadiyyat | 15:58 • 27 Oktyabr 2022
Azərbaycan dilində markalanmayan məhsulların ölkəyə daxil olmasının qarşısı alınır

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət tədbirləri nəticəsində idxal-ixrac əməliyyatları prosesində 3 min 620 ton və 20 min 460 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid məhsul barədə zərərsizləşdirilmə, məhvedilmə, geriqaytarılma və ya utilizasiyaya dair qərarlar qəbul olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 27-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Sədr bildirib ki, məhv edilmiş məhsulların siyahısına 1760 kiloqram dənli-paxlalı bitkilər, 171 ton meyvə və tərəvəz, 66 ton əkin-səpin materialları, 340 kiloqram unlu qənnadı məmulatları, 5 min 107 kiloqram müxtəlif qida məhsulları və 29 min 405 ədəd bioloji fəallığa malik qida əlavələri daxildir. Yeni Qanundan irəli gələn tələblərlə əlaqədar Azərbaycana qida məhsulları idxal edən ölkələrə rəsmi məlumat verilib. Həmin ölkələrin sistemlərinin və qida obyektlərinin qiymətləndirilməsinə başlanılıb və Azərbaycan dilində markalanması olmayan məhsulların ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür.

Agentliyin sədri deyib: “Bu ilin yanvar-sentyabr ayları ərzində Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən Abşeron Regional Sınaq Laboratoriyasına Latviya Akkreditasiya qurumu tərəfindən beynəlxalq akkreditasiya sertifikatı təqdim edilib. İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalara, ümumilikdə, 56 min 374 müraciət daxil olub və 1 milyon 810 min 342 nümunə müayinələrə cəlb edilib. Daxil olmuş nümunələrdə 1 milyon 894 min 340 müayinə aparılıb və aparılmış müayinələrin 5 min 800-da və ya 0.31 faizində uyğunsuzluqlar aşkarlanıb. Ölkəyə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkar edilən karantin zərərli orqanizmlərlə bağlı ixracatçı ölkələrə 104 bildiriş göndərilib. Ölkə ərazisində mövcud olan pomidor və bibər toxumunun satış müəssisələrində aparılan monitorinqlər zamanı 20 pomidor toxumu nümunəsində təhlükəli viruslar aşkar olunub və həmin təsərrüfatlarda hektarlarla ərazidə bütün bitkilər məhv edilib”.

Q.Təhməzli qeyd edib ki, pestisid və aqrokimyəvi maddələrin saxlanıldığı anbarlarda və satışı yerlərində aparılmış monitorinqlərdə 155 saxlama yerində ciddi nöqsanlar aşkarlanıb, 7 məhsul nümunəsi etiketdə göstərilən tərkib göstəriciləri ilə uyğunsuzluq təşkil edib, 11 məhsulun dövlət qeydiyyatı olmadan satılması müəyyən edilib. Qeydiyyatı olmayan 2 məhsulun tərkibində təsiredici maddə aşkarlanmayıb.

Xəbər lenti