Xəzər Xəbər

"Prius"lar niyə sığortalanmır?

İqtisadiyyat | 14:33 • 26 Oktyabr 2022
"Prius"lar niyə sığortalanmır?

Ölkədə son dövrlərdə taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin, xüsusi ilə "Toyota Prius" markalı avtomobillərin sığortalanmasında problemlər yaşanır. Belə ki, bəzi şirkətlər bu tipli avtomobillərin sığorta etməkdən yayınırlar.

Bəs bunun səbəbləri nələrdir? Niyə bu hallar baş verir? Sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bununla bağlı  bildirib ki, iddiaya görə, bəzi sığorta şirkətləri "Toyota Prius" markalı avtomobilləri sığorta edərkən əlavə pul tələb edirlər:

"Bu, çox pis bir haldır. Çünki ölkəmizdə sığorta və rüşvət anlayışı heç vaxt bir yerdə olmayıb. Oktyabr ayının 1-dən sığorta haqlarında faktiki olaraq artım müşahidə olunur. Artım Bonus-Malus sisteminin tam qüvvəyə minməsi ilə əlaqədardır. Bundan sonra sığorta şirkətləri sığorta agentlərinə məhdudiyyətlər tətbiq etməyə başladılar. Hazırda vətəndaşlar bundan əziyyət çəkirlər".

Ekspertin sözlərinə görə, məsələyə Mərkəzi Bank mütləq nəzarət etməlidir: "Çünki elə görünür ki, Mərkəzi Bank vətəndaşlardan çox, sığorta şirkətlərinin marağına xidmət edir. İcbari Sığortalar haqqında qanunda və Mülki Məcəllədə qeyd olunur ki, icbari sığorta icbari sığorta bürosunun üzvü olan şirkətlər tərəfindən qeyd şərtsiz aparılmalıdır. Və bu, bütün avtonəqliyyat vasitələrinə tətbiq edilməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Elddəniz Cəfərov da qeyd edib ki, bu avtomobillər daha çox taksi fəaliyyətlərində istifadə olunur: "Belə olduğu üçün qəzaların sayı da daha çox olur. Şirkətlər bu tip avtomobilləri qəzaya daha çox düşən avtomobillər kimi qeyd edirdilər. Amma düşünürəm ki, bu ildən yeni sığorta qaydalarının tətbiq edilməsindən sonra bu hallar olmamalıdır".

Sığorta şirkəti nəqliyyat vasitəsini sığorta etməkdən imtina edərsə nə etmək lazımdır?

Ekspert bildirib ki, belə problemlər yaranarsa avtomobil sahibləri Mərkəzi Banka və İcbari Sığorta Bürosuna şikayət edə bilərlər.

Xəbər lenti