Xəzər Xəbər

Səfir: Azərbaycan Avropanın əlavə qaz tədarükünü təmin edə bilər

İqtisadiyyat | 14:20 • 26 Oktyabr 2022
Səfir: Azərbaycan Avropanın əlavə qaz tədarükünü təmin edə bilər

Oktyabrın 26-da İsveçrənin Cenevrə şəhərində yerləşən nüfuzlu "Cenevrə Mətbuat Klubu"nda yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Media nümayəndələrinin həm birbaşa, həm də onlayn rejimdə qoşulduqları mətbuat konfransında Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov çıxış edib. Səfir çıxışında Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafından bəhs edərək, son dövrlərdə əlaqələrin intensiv xarakter aldığını, iqtisadi əlaqələrin dərinləşdiyini, siyasi dialoq və məsləhətləşmələrin keçirildiyini bildirib. Qeyd edilib ki, iki ölkə arasında artan ticarət dövriyyəsi müsbət templə inkişaf edir və sevindirici haldır ki, Azərbaycandan İsveçrəyə məhsul ixracında qeyri-neft məhsullarının həcmi artmaqdadır.

Regionda postmüharibə dövrü və davam edən sülh proseslərinə toxunan səfir Azərbaycanın sülh müqaviləsinin bağlanması və regionda sülh və əmin-amanlığın bərqərar olması istiqamətində qətiyyətli mövqe sərgilədiyini, regionda gələcək nəsillərin dinc birgəyaşayışına çalışdığını bildirib. Qeyd edilib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, insanların öz torpaqlarına dönməsi, kommunikasiya və nəqliyyat xətlərinin qurulmasına töhfə verir. Mətbuat konfransında, həmçinin sülh danışıqlarının mahiyyəti barədə məlumat verilib və İsveçrənin danışıqlara verdiyi töhfə yüksək qiymətləndirilib. Qeyd edilib ki, oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin heç bir vasitəçi olmadan keçirilən birbaşa görüşü məhz İsveçrənin Cenevrə şəhərində baş tutub.

Avropa ilə Asiya arasında logistika, nəqliyyat və enerji sahələrində Azərbaycanın mühüm rol oynadığını və qovşağa çevrildiyini diqqətə çatdıran F.İsgəndərov bildirib ki, Azərbaycan eyni zamanda Avropanın enerji təminatında vacib tərəfdaşdır. "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini vurğulayan səfir diqqətə çatdırıb ki, Azərbaycan bu dəhlizin imkanlarını genişləndirmək və öz qaz resursları ilə Avropanın əlavə qaz tədarükünü təmin edə bilər.

Səfir çıxışından sonra mətbuat konfransına birbaşa və onlayn rejimdə qoşulan media nümayəndələri və ekspertlərin suallarını cavablandırıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar