Avtomobillər üçün mühərrik yağlarının qiyməti bahalaşıb.
Bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Bu sahə üzrə fəaliyyət göstərən sahibkarlar qeyd edirlər ki, mühərrik yağlarının bahalaşmasının əsas səbəbi Ukraynada baş verən hadisələrdir.
Belə ki, əvvəllər yerüstü müxtəlif nəqliyyat vasitələri ilə mühərrik yağlarının çoxu Avropadan Ukraynaya, sonra da Rusiyaya aparılır, ordan isə ölkəmizə gətirilirdi. İndi isə daha çox təyyarə vasitəsilə gəldiyindən qiymətlərdə artım var.
Qeyd edək ki, bu gün bazarda avtomobillərin, ehtiyat hissələrin qiyməti onsuz da bahadır. Avtomobillərin mühərrik yağlarının qiymətinin bahalaşması avtomobil bazarına necə təsir edəcək?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, mühərrik yağlarının bahalaşmasının avtomobil bazarına elə bir təsiri yoxdur:
"Çünki o qədər də qiymət artımı müşahidə edilmir. Doğrudur, 5 manatdan 50 manatadək müəyyən yağ modellərində artım var. Ancaq 6-8 aydan bir kimsə avtomobilinin yağını dəyişirsə, 100 manat pul verirsə, onun üçün maşının qiymətinin artırılması gülünc olar. Bunu hansı alverçi deyərsə, bu davranışın son həddidir. Təbii ki, insanların cibinə təsir göstərir, əlavə xərclər ortaya çıxır, avtomobilə aid olan hər şey bahalaşıb. Onsuz da avtomobili idarə etmək istəyənlər bunu gözə alır. Sadəcə olaraq, elə təbəqə var ki, onlara çox mənfi təsir göstərir. Maddi cəhətdən çətinlikləri olan insanlar var. Yəni avtomobili onun ailəsinin qazanc yeridir. Əlavə xərclər ailənin büdcəsinə təsir göstərir. Bu baxımdan sürücülərin həyat tərzində, cibində, iqtisadi vəziyyətində özünü göstərə bilər. Avtomobil bazarında yağa görə qiymət artımı real deyil".
Ekspert deyir ki, yağın qiymətinin bahalaşması Azərbaycandan asılı deyil:
"Çünki Azərbaycan istehlak edir, başqa ölkələrdən alır. Dünyada, xüsusilə də Avropada enerji resursları bahalaşdığına görə, Azərbaycana baha qiymətə gəlib çıxır. Azərbaycanın ən böyük qüsuru odur ki, özü neft ölkəsi olduğu halda sürtkü yağlarını xaricdən alır. İndiyədək məmur oliqarxlar yalnız restoran, hotel, bina, əyləncə mərkəzləri tikirlər.
Bir dəfə bu sahə ilə məşğul olub keyfiyyətli bir sistem, yaxşı texnogiyalar, başqa ölkələrlə müştərək şirkətlər qura bilərdilər və yaxşı nəticələr əldə edərdilər ki, Azərbaycanın özünün normal, yerli istehsalı olsun. Bir neçə yerli yağ istehsalı var, amma ona o qədər qatqılar qatırlar ki, keyfiyyəti insanları uzaq salır. Bəzən ucuz qiymətə olduğuna görə, məcburiyyətdən həmin yağı alanlar da olur. Ancaq keyfiyyətli məhsul istehsal etmək, bazarı onunla təmin etmək olar. Biz bunu vaxtında reallaşdırmalıydıq. Yəni təkər istehsalı, avtomobil ehtiyat hissələri, sürtkü yağları istehsalını qurmalıydıq. Hər zaman gecikirik.
Azərbaycanda ən böyük problemlərdən biri odur ki, bizi sanki ancaq istehlak edən kimi öyrədiblər. Bu sovet dövründən qalma bir baxışdır. Bizə hər zaman qorxulu röya kimi görünüb ki, biz istehsal edə bilmərik. Kimsə istehsal etsin, biz alıb istifadə edək. Yəni bunlar böyük layihələrdir. Müvafiq qurumlar indiyədək bu sahədə heç bir iqtisadi irəliləyişə nail olmayıb. Heç bir istehsal müəssisəsi yaradılmır". /Cebhe.info