Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okean regionunda iqlim dəyişikliyi səbəbindən artan ərzaq böhranını yumşaltmaq və qida sistemlərini gücləndirməklə uzunmüddətli ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün ən azı 14 milyard dollar ayırmağı planlaşdırır.
XəzərXəbər AİB-ə istinadən xəbər verir ki, yardım hərtərəfli dəstək proqramı çərçivəsində 2022-2025-ci illər ərzində həyata keçiriləcək.
Bildirilir ki, proqram bu il rekord həddə çatan yoxsulluq və ərzaq qiymətləri səbəbindən təxminən 1,1 milyard insanın sağlam qidalanmadan məhrum olduğu regionda ərzaq təhlükəsizliyinə dəstəyi genişləndirəcək. Yardım qida istehsalı və bölüşdürülməsi, sosial müdafiə, suvarma və su ehtiyatlarının idarə edilməsi daxil olmaqla sektorlarda mövcud və yeni layihələr, həmçinin təbiətə əsaslanan həllərdən istifadə edən layihələr vasitəsilə yönəldiləcək.
Həmçinin AİB-in enerji keçidi, nəqliyyat, ətraf mühitin idarə edilməsi, səhiyyə və təhsil kimi ərzaq təhlükəsizliyinə töhfə verən digər fəaliyyətlərə investisiya qoymağa davam edəcəyi bildirilir.
Qeyd olunur ki, Rusiyanın Ukraynaya hücumu əsas ərzaq məhsulları və gübrə tədarükünə mənfi təsir göstərdi, iqlim dəyişikliyinin təsirləri, pandemiya ilə bağlı tədarük şokları və dayanıqsız əkinçilik təcrübələri ilə artıq zəifləmiş qlobal qida sistemini gərginləşdirdi.