"Bir neçə gündür dünya birjalarında avro dollar qarşısında dəyər itirməyə başlayıb. Bu da ABŞ Mərkəzi Bankının ötən həftə uçot dərəcəsini artırması ilə bağlıdır. Bu, o deməkdir ki, digər valyutalara münasibətdə dolların gəlirliliyi artıb".
XəzərXəbər xəbər verir ki, bu sözləri publika.az-a bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
O bildirib ki, avro və digər valyutalar hələ də ucuzlaşmaqda davam edir.
Ekspert onu da vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı məzənnəni sabit saxlamaq üçün manatı dollara bağlayıb:
"Buna görə də dünyada monetar siyasət tez-tez dəyişsə də, yəni valyutalar bahalaşıb-ucuzlaşsa da, manat sabit qalır. Buna görə də AMB-nin resursları kifayət qədərdir. Bir sözlə, dollarla gəlirlərimiz çoxdur. Azərbaycanın xarici valyutada olan gəlirləri dollarla formalaşır. Çünki, neft və qaz xaricə dollarla satılır'.
"Bunun da ölkəmiz üçün üstünlükləri çoxdur. Ona görə ki, valyutası ucuzlaşan ölkələrdən mal və xidmətlər almaq daha sərfəli olur. Yaxud avronun ucuzlaşması göstərir ki, daha az manat müqabilində, daha çox avro ala bilərik. Hətta Avropa ölkələrindən avro ilə daha çox mal və xidmətlər əldə edə bilərik".
Rusiya rublunun dəyər qazanmasına gəldikdə, müsahibimiz bunu Rusiya iqtisadiyyatının dünyadan təcrid olunması ilə əlaqələndirib:
"Buna görə də rubl artıq dönərli valyuta olmaqdan çıxıb. Bu gün Rusiyada dollardan və avrodan istifadə edə bilmədiyi üçün, istədiyi məzənnəni müəyyən edə bilir. Dünyada neftin və qazın bahalaşması da bir tərəfdən Rusiyaya əlavə maddi qazanc gətirir və valyuta ehtiyatlarını artırır. Amma bununla belə, Rusiya iqtisadiyyatı zəifləməkdə davam edir ".