Azərbaycan bu il daha 100 təcili tibbi yardım avtomobili alacaq.
Bu barədə xezerxeber.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar.
Bildirilib ki, hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.
Xatırladaq ki, 2020-ci ildə tibb müəssisələri 184, 2021-ci ildə isə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilib. Bu ilin ilk 7 ayı ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri 896 184 təcili və təxirəsalınmaz tibbi yardım çağırışı qəbul edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bu xidmətin göstərilməsində 513 briqada iştirak edib.