Pandemiya elan olunandan bəri ilk dəfə Azərbaycana gələn turistlərin sayı 1 milyon nəfəri keçib. Bu ilin ilk 8 ayında ölkəyə 1 milyon 4 min turist gəlib. Qeyd edək ki, ötən il ölkəmizə 791,8 min, 2020-ci ildə isə 795,7 min əcnəbi gəlmişdi. Bu il Azərbaycana gələn turistlərin sayı artasa da hələ də pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyili azdır. 2019-cu ildə Azərbaycanı rekord səviyyədə- 3.2 milyon nəfər ziyarət etmişdir.
Xezerxeber.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib.
İqtisadçı alim bildirib ki, Azərbaycana gələnlərin 26,2 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 11,0 faizi İran, 7,9 faizi Səudiyyə Ərəbistanı, 4,7 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 2,7 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb. Digər ziyarətçi ölkələrdən gələnlərin ümumi payda çəkisi ayrı-ayrılıqda 2.0 faizdən azdır: "Rəsmi statistika göstərir ki, gələnlərin 61.7 faizi quru sərhədlərimiz olan ölkələrdən gəlib. Bu isə o deməkdir ki, regionda pandemiyanın tam yumaşalacağı halda quru sərhədlərimizin açılarsa bu ölkəyə daha da çox turistin gəlməsinə səbəb olacaq. Artım nisbətlərinə gəldikdə isə, ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 407 dəfə, Küveytdən - 167 dəfə, Omandan – 149 dəfə, Pakistandan - 27 dəfə, Hindistandan - 15 dəfə, İsraildən - 6 dəfə, Bəhreyndən - 6 dəfə, Qazaxıstandan - 5,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 5,7 dəfə, ABŞ-dan - 3,5 dəfə, Almaniyadan - 3,0 dəfə, Fransadan - 2,6 dəfə, Böyük Britaniyadan - 2,0 dəfə, Türkiyədən - 1,8 dəfə, İrandan - 1,7 dəfə, Ukraynadan - 1,7 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, artıb. Əvvəlki illərdə Azərbaycan gəlmə turizm sənayesi üçün ənənəvi olmayan ölkələrin- Pakistan və Hindistanlı ziyarətçilərin sayında da hiss edilən artımlar var".
O qeyd edib ki, bütövlükdə, bu müddətdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə artaraq 254,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 49,0 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 335,5 min nəfər olub: "Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir."