Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Yaxın Şərqin neft hasilatçısı dövlətləri növbəti dörd il ərzində 1,3 trilyon dollar əlavə gəlir əldə edəcəklər.
AZƏRTAC xəbər verir ki, BVF bu regiondakı neft və qaz ixracatçılarının, xüsusən də Körfəz ölkələrinin yüksək qiymətlərdən və bazar paylarını artırmaq imkanlarından faydalanacağını gözləyir. Fondun rəyində qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bazarlarda qiymətlər yüksəlir və bu, davam edəcək.
BVF-nin Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Cihad Azur “Financial Times”a bildirib ki, Yaxın Şərq ölkələri Ukraynada müharibədən əvvəl proqnozlaşdırılandan 1,3 trilyon dollar çox məcmu gəlir əldə edə bilərlər. O əlavə edib ki, Körfəz ölkələri bu gəlirlərdən bərpaolunan enerji mənbələrinə keçmək üçün istifadə edəcəklər. Bundan əlavə, onların investisiya strategiyası yeni investorlar üçün aktiv qiymətlərinin yaxşılaşması və müəyyən sahələrdə bazar paylarını artırması imkanları da yaradacaq. Qətər İnvestisiya Təşkilatı, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF), Küveyt İnvestisiya Təşkilatı və Əbu-Dabinin “Mubadala” və ADQ fondları daxil olmaqla, dünyanın ən böyük suveren sərvət fondları neft və qazın qiymətlərinin artması hesabına aktivlərini daha da artıracaqlar.
BVF rəsmisi vurğulayıb ki, Körfəz ölkələri neft bumundan əldə olunan gəlirləri nəhəng infrastruktur layihələrinə, həmçinin xaricə sərmayə qoymağa yönəldəcəklər: “Əslində, vacib məqam onların bu yeni imkanları necə idarə etmələri olacaq”.
Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman və Qətərin daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının ötən il iqtisadi artımı 2,7 faiz olmuşdu və bu il üçün bu rəqəmin 6,4 faizə qalxacağı proqnozlaşdırılmışdı. Bununla yanaşı, keçən həftəsonu Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti rüblük mənfəətin 90 faiz artaraq 48 milyard dollara çatdığını açıqlayıb. Körfəzin digər ərəb ölkələrində də neft gəlirləri rekord səviyyəyə qalxıb.