Pandemiya dövründə həyata keçirilən sərbəst pul siyasətinin yol açdığı infilyasiya hələ də davam edir. Dolların bahalaşması bəzi ölkələrdə daha çox hiss edilsə də, Azərbaycanda son 6 ildir ki, dolların qiyməti sabit olaraq qalmaqdadır.
Maraqlıdır, qarşımızdakı aylarda Azərbaycan iqtisadiyyatını nə gözləyir? Dolların bahalaşması bizdə də müşahidə edilə bilərmi?
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, pandemiya dövrü iqtisadi aktivliyin saxlanılması üçün iqtisadiyyata buraxılmış 17 trilyon dollardan artıq vəsait ciddi şəkildə problemlərin yaranmasına səbəb olub:
"Bu vəsaitin real sektora yönəlməməsi ciddi şəkildə infilyasiyaya səbəb oldu. Getdikcə sürətlənən infilyasiyanı hazırda davam edən Rusiya-Ukrayna müharibəsi daha da kəskinləşdirdi. Nəticə etibarı ilə bir çox ölkələr son 70 ilin infilyasiya göstəriciləri ilə üz-üzə qaldı. Hər bir ölkə bu vəziyyətdən çıxmaq üçün öz iqtisadi tənzimləmə metodları ilə çalışır. İqtisadiyyatı böyük olan ölkələr adətən belə vəziyyətlərdən daha az itkilərlə çıxmağa nail olurlar. Bəzi hallarda isə itkiləri yox, qazancları olur. Dollar federal ehtiyyat sisteminin qərarı ilə bir neçə dəfə bahalaşdırılıb. Bu il ərzində və ilin sonuna qədər bir neçə dəfə də federal ehtiyat sisteminin qərarı ilə dolların bahalaşdırılacağı gözlənilir. Bu isə dolların digət valyutalar qarşısında bahalaşması deməkdir".
Ekspert Azərbaycan manatının isə artıq 7-ci ildir ki, stabil olaraq 1.7 nisbətində qalmaqda olduğunu deyib: "Bunun da əsas səbəbi məhz manatın məzənnəsinin bazarın tənzimlənməsinin öhdəsinə buraxılmamasıdır. Yəni manatın məzənnəsi bilavasitə Mərkəzi Bank tərəfindən iqtisadi yox, inzibati şəkildə təyin edilib. Azərbaycan höküməti manatın məzənnəsini sabit saxlamaqla ölkədə makro-iqtisadi sabitliyə nail olmağa çalışır. Manatın məzənnə stabilliyinin saxlanılması üçün hazırda ölkədə problem yoxdur. Problem o halda yarana bilər ki, ölkənin valyuta ehtiyatları əriməyə başlayar, ya da ölkədə dollara qarşı tələb kəskin artar. Lakin hazırda Mərkəzi Bankın da verdiyi açıqlamalara görə, dollara təlabat azalıb. İnfilyasiyaya səbəbindən alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə insanlar ehtiyyat vəsaitlərindən istifadə etməyə başlayıblar. Üçüncü səbəb isə neft qiymətlərinin yuxarı olması manata olan təzyiqi qarşılamaq üçün Azərbaycan hökümətinə əlavə fürsətlər verir. Hər üç faktorun Azərbaycan üçün əlverişli şəraitdə dayanıqlı olması hər hansı bir devalvasiya riskini yaratmır. 2022-ci ilin sonuna qədər devalvasiya ehtimalı gözlənilmir".
İqtisadçı ekspert Xalid Kərimli saytımıza açıqlamasında 2016-cı ilin sonlarından və 2017-ci ilin əvvəlindən manatın dollara fiks edildiyini bilirib:
"Son bir il yarımda dollar digər valyutalarla müqayisədə bahalaşıb. Demək olar ki, dolların qiyməti son 2 ildə 15-20% artıb. Bu da avtomatik olaraq manatın digər valyutalar qarşısında bahalaşmasına səbəb olub. Təbii ki, bu hal ölkənin ixrac sektoru, ölkəyə investisiya qoyulması üçün arzuolunan vəziyyət deyil. Ölkənin bahalı olması istehsala marağı azaldır və idxala marağı artırır. Yəni bu vəziyyət ölkəmizin orta və uzunmüddətli iqtisadi vəziyyəti üçün baş ağrısıdır. Lakin onu da qeyd etmək lazımdır ki, bu halın müsbət tərəfləri də var. Belə ki, Azərbaycan kimi kiçik ölkələrin iqtisadiyyatında stabil mühit arzuolunandır.
Yaxın 6 ayda, yaxud da növbəti ilin birinci rübünə qədər manatın dollara fiks edilmiş rejimi siyasətinin dəyişəcəyini güman etmirəm. Çünki hazırda ölkənin mübarizə apardığı əsas məsələ infilyasiyadır. Əgər manat dollar qarşısında ucuzlaşdırılarsa, bu, infilyasiyanı daha da sürətləndirə, sosial problemləri artıra bilər. Lakin infilyasiya aşağı düşəndən sonra enerji resuslarının qiyməti də aşağı düşərsə, bu məsələ yenidən ciddi surətdə aktual ola bilər. İlin birinci yarımilində neftin qiyməti ortalama 105 dollar olub, indi də 100 dollar ətrafında davam edir. İlin ikinci yarısında da neftin kəskin ucuzlaşacağı gözlənilmir. Hətta soyuq aylara doğru qazın bahalaşacağı da real hesab olunur. Yaxın bir neçə ay üçün Azərbaycan iqtisadiyyatında və büdcə öhdəliklərinin yerinə yetirilməsində heç bir ciddi risk görmürəm"./Gundem.az