Xəzər Xəbər

Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI

İqtisadiyyat | 14:20 • 9 Avqust 2022
Azərbaycanda orta aylıq əməkhaqqı ARTDI

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və yaxud 1,7 % artaraq 1 720 min nəfər olub.

XəzərXəbər xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2 %-i təhsil, 18,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6 %-i sənaye, 8,2 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 %-i tikinti, 6,5 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %-i peşə, elmi və texniki fəaliyyət, 1,9 %-i maliyyə və sığorta fəaliyyəti, 14,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,2 % artaraq 827,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti