Ötən ilin yekunlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (DNF) aktivləri 45 milyard ABŞ dollarını üstələyib və fondun yaranma tarixindən etibarən investisiya fəaliyyəti çərçivəsində əldə olunan gəlir 10,2 milyard ABŞ dolları təşkil edib (sözügədən gəlirlərin 8,9 milyard ABŞ dolları həcmindəki hissəsi son 10 ildə əldə edilib).
Neft Fondundan verilən məlumata görə, 2021-ci il ərzində fondun büdcə gəlirləri 15 milyard 985,6 milyon manat, büdcə xərcləri isə 11 milyard 382,7 milyon manat təşkil edib.
Ötən il Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 698,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 894,6 milyon manat, bonus ödənişləri 776,9 milyon manat, akrhesabı ödənişləri 5,3 milyon manat, tranzit gəlirləri 21,4 milyon manat təşkil edib.
Keçən il fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 287,4 milyon manata bərabər olub ki, bu da ümumi gəlirlərin 20,56 faizini təşkil edir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Neft Fondunun büdcədənkənar xərci 2 milyard 119,3 milyon manat olub.
Ötən il ərzində Fondun büdcəsinin icrası çərçivəsində 11 milyard 350 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 10,2 milyon manat yönəldilib. 2021-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,5 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 3,35 faiz artaraq 45 milyard 25,1 milyon ABŞ dollarına bərabər olub.
Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.