Bu günlərdə Beynəlxalq Valyuta Fondu inkişaf etməkdə olan ölkələrə xəbərdarlıq edib. Bildirilib ki, inkişaf etməkdə olan ölkələr ABŞ-da əmək bazarında yeni iş yerlərinin açılmasının gözləniləndən daha yüksək artımı fonunda FED-in faiz dərəcələrini artıracağına hazırlaşmalıdır.
Bəs görəsən belə olan təqdirdə manat üçün hansı risklər formalaşır? Yenidən devalvasiya təhlükəsi gözlənilirmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir:
“Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsəz, o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Artıq Mərkəzi Bank yanvar ayının geridə qalan günlərində 2 hərrac təşkil edib. Yanvarın 6-da keçirilən hərracda 114.1 milyon dollar satılıb. Yanvarın 11-də təşkil olunan hərracda isə tələb 113.1 milyon dollar olub. Yəni, bu ilin ilk 11 günündə Mərkəzi Bank 227.2 milyon dolların satılmasını təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin ilk 11 günündə Mərkəzi Bank cəmi 137 milyon dollar satmışdı. Bu isə ondan xəbər verir ki, bu ilin geridə qalan günlərində ötən ilin uyğun dövrü ilə müqayisədə dollara tələb 60.0 faiz artıb”.
Deputat bildirib ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda, Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir:
“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.
Deputat Aydın Hüseynov isə hesab edir ki, Azərbaycanda devalvasiya gözlənilmir:
“2015-ci ildə devalvasiyanın hansı səbəbdən baş verdiyini geniş ictimaiyyət bilir. O vaxt neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə əlaqədar olaraq valyuta rezervlərimiz azaldı. 2021-ci il ərzində isə 3 milyard manatadək artıb. Digər tərəfdən hazırda “Brent” markalı neftin qiyməti dünya bazarında 85 dollar ətrafındadır. Halbuki neftin qiyməti büdcədə 50 dollardan da aşağı qiymətə hesablanıb. Bütün bu proseslə baxanda görürük ki, devalvasiyanın olması üçün heç bir iqtisadi zəmin yoxdur. Hesab edirəm ki, yaxın vaxt ərzində kəskin devalvasiyanın olmasını proqnozlaşdırmaq absurddur”./ Redaktor.az