Hər zaman haqq işimizə dəstək olan Türkiyə ən vacib günlərdə Azərbaycanın yanında olan qardaş dövlətdir. Diplomatik münasibətlərimizin 30 ili tamam olsa da, iki ölkənin qardaşlığının tarixi əsrlərə söykənir. Azərbaycan Türkiyə arasında siyasi və strateji münasibətlər ilə yanaşı, son illər iqtisadi əməkdaşlığın daha da dərinləşməsi müşahidə olunur.
Xezerxeber.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, pandemiyanın təsirlərinə rəğmən, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. Belə ki, 4,1 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Pandemiya səbəbindən bu göstərici 245 milyon dollar azalsa da, yenə də 4 milyard dolların üstündədir. Pandemiyadan əvvəlki illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz 2017-ci illə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon dollar olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. Ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər.