Xəzər Xəbər

İğtişaşlar Qazaxıstan iqtisadiyyatına necə təsir etdi? - Deputat açıqladı

İqtisadiyyat | 13:14 • 10 Yanvar 2022
İğtişaşlar Qazaxıstan iqtisadiyyatına necə təsir etdi? - Deputat açıqladı

Qazaxıstan üçün stabilliyin möhkəmlənməsi kontekstində yeni mərhələdə əsas hədəflərdən biri də xarici sərmayələrin qorunub saxlanmasıdır.

XəzərXəbər xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, bir sıra digər ölkələrin təcrübəsi göstərir ki, belə iğtişaşlardan sonra birbaşa xarici investisiyaların ölkəni tərk etməsi və yeni bazarlar axtarması hallarına daha çox rast gəlinir: “Bu gün Qazaxıstanda Ümummilli Matəm Günüdür. İlkin məlumatlara görə, iğtişaşlar nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb. Xarici sərmayələrin azalması milli valyutaya təzyiq yaradır və məşğulluğa, o cümlədən insan kapitalının inkişafına neqativ təsir göstərir.

V.Bayramov vurğulayıb ki, Qazaxıstan keçmiş ittifaq dağılandan sonra MDB-də ən çox xarici sərmayə cəlb edən ölkələrdəndir: “1991-ci ildən sonra ölkə iqtisadiyyatına 370 milyard dollar xarici sərmayə yönəlib. 2021-ci ilin ilk yarısında Qazaxıstan xarici birbaşa investisiyaların həcmini 30.4 % artıraraq 11.1 milyard dollar sərmayə cəlb edə bilmişdi. Göründüyü kimi, son iğtişaşlaradək Qazaxıstan xarici sərmayənin cəlb edilməsində xüsusi fərqlənən dövlətlərdən idi. Yeni mərhələdə, yenidən ölkə iqtisadiyyatına inamın tam bərpası vacibdir. Ümid edirik ki, qardaş Qazaxıstan bu vəzifənin öhdəsindən daha qısa zamanda gələ biləcək. İğtişaşlarda dünyasını dəyişən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı verərək inanırıq ki, Qazaxıstan yenidən dayanıqlı stabillik mərhələsinə qədəm qoyacaq.

Xəbər lenti