İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı ictimaiyyətin diqqətinə çatdırıb.
Xezerxeber.az Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kiloqramlıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.
Məlumatlar mütəmadi olaraq yenilənəcək.
Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.
Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulyasiya halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00; email ünvanı: office@competition.gov.az .