Dünyada və Azərbaycanda daşınmaz əmlakın qiymətində artım müşahidə edilir. Səbəb müxtəlifdir, lakin ekspertlərin dediyi bir fikir var: "Nə qədər gec deyil, mənzil sahibi olun”.
XəzərXəbər musavat.com-a istinadən məlumatına görə, Azərbaycana keçməzdən öncə qeyd edək ki, Avropada ev sahibi olmaq ildən-ilə çətinləşir. Pandemiya başlayandan Avropada mənzillərin alınması müşkülə çevrilib. Halbuki hələ pandemiyanın ilk aylarında bunun əksi proqnozlaşdırılırdı. Deyilirdi ki, pandemiya mənzil bazarında ucuzlaşma yaradacaq. Hazırda dünyada insanlar mənzilsiz həyata adaptasiya olunur. Bir çoxları hesab edir ki, 500-600 min avro verib ev alınca, kirayədə qalmaq daha sərfəlidir.
Qardaş Türkiyədə də mənzil durmadan bahalaşır. Ancaq məlumdur ki, Azərbaycan insanı hər zaman tikib-qurmağa, özündən sonrakı nəslə əmlak qoymağa maraqlı olub. Hətta "hər bir kişi ev tikməli, ağac əkməlidir” kimi misallarımız da var. Hazırda Azərbaycanda durum Avropadakı qədər acınacaqlı deyil. Ev tikmək və ya almaq müəyyən kəsim üçün əlçatandır. Ancaq ekspertlər bildirirlər ki, bir neçə ildən sonra mümkünlərin bir çoxu mümkünsüzə çevriləcək. Ona görə də tələsmək lazımdır.
Rəsmi statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əvvəlki ilin eyni dövrü ilə müqayisədə qeyri-ərzaq mallarının qiyməti 4,4 faiz bahalaşıb. Sentyabr ayında 2020-ci ilin sentyabrına nəzərən qiymətlər 8,5 faiz artıb. Ən çox bahalaşan qeyri-ərzaq məhsullarının tərkibində inşaat materialları da var. Bu materialların qiyməti ötən ay əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz yüksək olub.
Hazırda bazarda taxtanın 1 kubu 450 manata yaxın qiymətlə satılır. Sementin 50 kiloqramı 8.5 manatdır. Əgər ötən il tikintidə istifadə olunan 1 kub qum 20 manata satılırdısa, hazırda bu, 22-23 manatdır. Eləcə də plastik boruların və onlara aid digər avadanlıqların, istilik sistemlərinin, hamam aksessurlarının, parket, laminant kimi döşəmə materiallarının qiymətində 2-3 manat artım var.
Bu artımlar ümumilikdə, evin maya dəyərinə təsir edir və mənzillər bahalaşır.
Onu da qeyd edək ki, hazırda Bakının mərkəzinə yaxın ərazilərdə də torpaqların qiyməti xeyli yüksəlib. 2 il öncə 1 sotu 8-9 min manata olan sənədli torpaq hazırda 11-13 min manatadır. Onu da hələ axtarıb, tapmaq lazımdır... Çünki torpaqların əksəriyyəti alınıb.
Materialların bahalaşması əsasən Rusiyadakı qiymət artımları ilə izah edilir. Lakin təbii ki, daşınma xərclərinin artması da maya dəyərinə təsir edib.
Ekspertlər bildirirlər ki, bütün bunların fonunda yeni tikilən binaların qiyməti 10%-dan 20%-ə qədər bahalaşa bilər.
İqtisadçı Natiq Cəfərli bildirib ki, kimlərinsə əlində yaxşı fürsətlər düşübsə, indi ev almaları daha məsləhətlidir. İqtisadçının sözlərinə görə əmlak bazarında manat ekvivalentində qiymət artımını ildən-ilə müşahidə edəcəyik:
"Uzunmüddətli və dəyişməz şərtlərlə verilən kreditlə ev almaq da səhvdir. Çünki kreditlər Azərbaycan manatı ilə verilirsə və faizlər manatın gələcək taleyindən asılı olmayaraq dəyişdirilməyəcəksə, bu zaman həmin yolla ev almaq doğru deyil. Çünki uzun illər manatın məzənnəsi eyni səviyyədə qalmayacaq və bunun qalması mümkün də deyil. Biz kəskin dalğalanmanı 2015-ci ildə gördük və nələrin baş verdiyi hər kəsə məlumdur. Manat ekvivalentində qiymətlər qalxacaq. Çünki ən azı inflyasiya qədər həmin sahədə indeksləşmə aparılır. Mümkün deyil ki, hər bir sahədə qiymət qalxsın, mənzil bazarında isə dəyişməsin”.
Ekspert bildirib ki, qardaş Türkiyədə mənzillər 34 faiz bahalaşıb:
"Ona görə də insanların dünyada ən çox sevdiyi yatırım aləti daşınmaz əmlakdır. Ötən illə müqayisədə Türkiyədə mənzillər 34 faiz bahalaşıb. Bu, yatırımçıları da cəlb edir. Çünki bir ildə bu qədər gəlir gətirən ikinci bir yatırım sahəsi yoxdur”.