44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin dağıtdığı 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb.
Bu barədə XəzərXəbər-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Məlumatda deyilir ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə Komitənin nəzarəti altında hazırki mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilib.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törətmiş, günahsız şəxslər vəhşicəsinə qətlə yetirmiş, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurub.