Hadrutda heyvandarlıq sahəsinin inkişafı üçün böyük potensial var.
Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda, böyük potensiala malikdir. Hadrut 1458 kvadratkilometr sahəsi olan Xocavənd rayonunun qəsəbəsidir, böyük iqtisadi və turizm potensialı ilə seçilən bölgələrimizdəndir. Hadrut qəsəbəsi kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Hadrut qəsəbəsində qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Hadrut qəsəbəsi ən qədim insan məskənlərindən biri hesab olunur. Böyük yararlı torpağı malik Hadrutda heyvandarlıq sahəsinin daha çox inkişaf etməsi imkanları var. Bununla yanaşı, aqrar sektorun fərqli sahələrinin inkişaf imkanları da mövcuddur.
“Hazırda inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad olunun bu qəsəbəmizin iqtisadi potensialının reallaşmasına imkan verəcək. Bu yol başlanğıcını Azərbaycanın tarixi ərazisi olan Qarabağdan, yəni Hadrut yaşayış məntəqəsindən götürəcək və işğaldan azad olunan digər bölgələri birləşdirəcək. Belə ki, dörd hərəkət zolaqlı yol Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndinədək uzanacaq. Digər tərəfdən, yeni yol Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşəcək. Praktik olaraq Zəngəzur dəhlizi vasitəsilə “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, Hadrut qəsəbəsində formalaşacaq iqtisadiyyat və istehsal ediləcək məhsullar daha geniş bazarlara çıxarıla biləcək. Bütövlükdə, Hadrut qəsəbəsi potensial baxımdan Qarabağ iqtisadiyyatında xüsusi paya malik olacaq. Uzun müddət baxımsız şəhər olan Hadrut öz tarixinin yeni və şərəfli mərhələsinə qədəm qoyur”, - deyə deputat qeyd edib.