Dükanlarda qızılların formaları kimi qiymətləri də fərqlidir. İki ilə yaxın bir fasilədən sonra toy məclislərinin təşkilinə icazənin verilməsi qızıl bazarında da canlanmaya səbəb olub.
XəzərXəbər bildirir ki, bu barədə Trend-ə qızıl satışı ilə məşğul olan Emil İsmayılov məlumat verib.
O bildirib ki, qızılın qiyməti əyarına, çəkisinə, istehsal ölkəsinə, brendinə görə dəyişir. Dükanlarda qızılların formaları kimi qiymətləri də fərqlidir:
"Toyların başlamasıyla qızıl bazarında canlanma hiss olunur. Vətəndaşlarımız nişan və toy üçün əsasən ağ qızıl alırlar. Gündəlik istifadə üçün isə sarı qızıla üstünlük verilir. Qızıl nişan üzükləri oğlan üçün 600 manatdan, qızlar üçün isə 800 manatdan başlayır. Brilyant qaşlı nişan üzükləri isə karatına görə minimum 800 manatdan başlayır. Dəst qızılların qiyməti isə 2000 manatdan başlayır. Ümumiyyətlə, brilyant nə qədər təmizdirsə, böyükdürsə, qiymət bir o qədər artır".
Qeyd edək ki, qızıl ticarəti ilə məşğul olanlar yaxın gələcək üçün qızılın qiymətinin artmayacağını proqnozlaşdırırlar.