Xəzər Xəbər

Kubadan Azərbaycana əczaçılıq sahəsində TƏKLİF

İqtisadiyyat | 09:11 • 20 Dekabr 2016
Kubadan Azərbaycana əczaçılıq sahəsində TƏKLİF

Kuba Azərbaycanla istənilən əməkdaşlığa hazırdır.

Bunu Trend-ə müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir: "Bu, iqtisadi münasibətləri də inkişaf etdirməyə imkan verir".

Diplomatın sözlərinə görə, əməkdaşlığın prioritet istiqamətlərindən biri də səhiyyə və biotexnologiyalar sahəsi ola bilər: "Bakıda rəsmi görüşlər zamanı qeyd olundu ki, Azərbaycan tərəfi Kubanın bu sahədə təcrübə və biliklərindən ölkədə istifadə olunması üçün hər cür şərait yaratmağa hazırdır".

A.N.Portuondo bildirib ki, Kubanın səhiyyə sahəsi dünyada məşhurdur: "Ölkə bu regionda uğurla istifadə olunan ən yeni preparatların, biotexnologiyaların yaradılması və istehsalı sahəsində nailiyyətlər əldə edib. Kuba öz əczaçılıq məhsullarının Azərbaycana tədarükünü də təşkil etməyə və ölkənizə tibbi xidmətlər təklif etməyə hazırdır".

Onun sözlərinə görə, Kuba artıq Latın Amerikası, Avropa, Afrika, Yaxın Şərq, Rusiya, həmçinin digər MDB ölkələrinə tibbi xidmətlər tədarük edir: "Azərbaycan ölkəmizin bu siyahısında yeni istiqamət ola bilər".

Xəbər lenti