Dekabrın 20-də “ADA” Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının təqdimatı keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.
Sonra azexport.az portalının meneceri Zaur Qardaşov portalın mahiyyəti və imkanları barədə təqdimat edib.