XəzərXəbər-in məlumatına görə, bu barədə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində deyilir. Qeyd olunub ki, enerji bazarının əsas istehsalçı və istehlakçıları ilə aparılan birgə müzakirələr nəticəsində bu sahədə proqnozlaşdırma və planlaşdırma fəaliyyəti beynəlxalq təcrübə əsasında təkmilləşdiriləcək, mövcud tarif siyasətinin potensial inkişaf istiqamətləri müəyyənləşdiriləcək, o cümlədən, pik və qeyri-pik saatlar üzrə differensial yanaşmaların tətbiqi imkanlarına baxılacaq:
“Bununla yanaşı, enerji bazarında istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin gücləndirilməsi, istehsal-istehlak potensialının əvvəlcədən birgə planlaşdırılması üçün dəstəkverici tədbirlər görüləcək. Bu məqsədlə enerji istehsalçısı və istehlakçısı olan müəssisələr arasında fəaliyyətin əlaqələndirilməsi təşkil ediləcək.
Qeyri-pik saatlardan istifadənin stimullaşdırılması, bu məqsədlə sənaye müəssisələrini istehsal prosesində qeyri-pik saatlarda enerji istehlakına yönəltmək üçün müxtəlif güzəşt və stimullar üzrə təkliflər hazırlanması, strateji müəssisələr üçün güzəştli tariflərin müəyyənləşdirilməsi, ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən müəssisələrin siyahısı müəyyənləşdirməsi və bu müəssisələr üzrə güzəştli tarif təklifləri hazırlanması, enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi, sənaye müəssisələri arasında enerjiqənaətli istehsal metodlarının təbliği, ən yaxşı beynəlxalq nümunələri əks etdirən çap məhsullarının hazırlanması, bazar iştirakçıları ilə bu mövzuda sektorlar üzrə mütəmadi görüşlərin və təlimlərin keçirilməsi, ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi planlaşdırılır. Bu prioritetin icrası üçün böyük həcmli maliyyə vəsaiti tələb edilmir. Prioritet çərçivəsində başlıca risklərə beynəlxalq enerji bazarlarında əsas xammal qiymətlərinin dəyişkənliyi, səmərəli enerji istehlakı metodlarının tətbiqində mövcud olan texniki çətinliklər, istehsalçı və istehlakçı müəssisələr arasında əlaqələndirmənin aşağı səviyyədə olması daxildir.”.
Sənəddə deyilir ki, ağır sənaye, xüsusilə metallurgiya müəssisələrinin enerji təminatının fərqli, aşağı tariflərlə təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.