Xəzər Xəbər

Çin əhalisi kütləvi şəkildə dollara keçir

İqtisadiyyat | 15:27 • 20 Dekabr 2016
Çin əhalisi kütləvi şəkildə dollara keçir

“Reuters” agentliyinə istinadən xəbərə görə, rəsmi statistikaya əsasən, Çində bu ilin əvvəlindən əhalinin dollar hesabları 32% artım göstərib. Buna səbəb yuanın dollarla müqayisədə məzənnəsinin son 8 ilin minimal səviyyəsinə enməsi amili göstərilir.

Yuanın ucuzlaşması isə öz növbəsində Çindən kapital axınının güclənməsi ilə izah olunur. Kapital axını Çin iqtisadiyyatının yavaşlaması fonunda baş verir. Kapital sahibləri iqtisadiyyatın daha da yavaşlamasından və yuanın devalvasiyasının davam etməsindən ehtiyat edərək vəsaitlərini xaricə çıxarmağa davam edirlər. Çin Xalq Bankının (Mərkəzi Bank) hesabatına əsasən, dollar hesablarının sayında artım digər valyutalardakı hesabları 4 dəfə üstələyir.

Gərginlik yaradan amillərdən biri də ABŞ-Çin münasibətləridir. Onsuz da hər zaman ticarət müharibəsində olan bu iki ölkənin əlaqələrinin ABŞ-da D.Trampın prezident seçilməsi ilə daha da çətinləşəcəyi gözlənilir. Belə ki, Tramp rəsmi şəkildə vəzifəyə başladıqdan sonra Çini manipulyator adlandırmağa və Çin mallarına əlavə vergi tətbiq etməyə hazırlaşır.

“Reuters” agentliyinin əhali arasında keçirdiyi sorğuya əsasən, bir çox insan dollar aldığını və əlavə vəsaitləri olarsa, yenə də almaq istədiklərini vurğulayıblar. Bununla yanaşı qeyd edək ki, Çində əhalinin valyuta depozitlərinin həcmi şirkətlərin, bankların və zəngin insanların hesablarından daha azdır. Son statistikaya görə, məcmu valyuta depozitlərinin həcmi 702,56 mlrd. dollar təşkil edir ki, bunun da 118,72 mlrd. dolları və ya 17%-i əhalinin depozitləridnin payına düşür./banker.az

Xəbər lenti