Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2 faiz artım, bitkiçilikdə 1 faiz və heyvandarlıq üzrə 2,9 faiz artım olub. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir bildirib ki, 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 min hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib. Suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb.