"Dağ-mədən sənayesində ölkəni uğurla təmsil edən "AzerGold” QSC-nin ənənəvi maliyyələşmə mənbələrinə (dövlət büdcəsi və s.) alternativ olaraq kapital bazarına üz tutması çox sevindirici bir haldır”.
Bunu "AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Əli Əhmədov bildirib.
"Dövlət şirkətlərinə məxsus qiymətli kağızların emissiyası kapital bazarında tələb və təklifin dəstəklənməsinə, ticarət genişlənməsinə xidmət edir. Bu emissiyalar əhali arasında kapital bazarına inamı artırır, fond birjasında likvidlik yaradır, yerli və xarici şirkətlər üçün yaxşı nümunə yaradır. Odur ki, "AzerGold”un korporativ istiqrazlarının "Bakı Fond Birjası” QSC vasitəsilə dövriyyəyə buraxılması mühüm əhəmiyyət kəsb edir, şəffaflıq, hesabatlılıq, maliyyə resurslarının effektiv istifadəsi deməkdir. Bu, həm də ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlarla uyuşur”, - deyə o, qeyd edib.
"Kapital bazarlarının inkişafı AMB-nin prioritet istiqamətlərindən biridir. Bizim bu istiqamətdə geniş strateji planmız mövcuddur. Məqsədimiz iqtisadiyyata geniş kapitallaşma imkanları verən səmərəli kapital bazarı formalaşdırmaqdır. Bu istiqamətdə kapital bazarı üçün beynəlxalq, innovativ hüquqi çərçivənin yaradılması, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarın stimullaşdırılması və nəzarət çərçivəsinin təkimilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə təşkilatları və bazar iştirakçıları ilə sıx koordinasiya edilməklə intensiv işlər aparılır”, - deyə Ə.Əhmədov əlavə edib./report