Xəzər Xəbər

Əmlaka dair elektron çıxarışın məzmunu təsdiq edildi

İqtisadiyyat | 18:37 • 18 Avqust 2020
Əmlaka dair elektron çıxarışın məzmunu təsdiq edildi

Prezident İlham Əliyev "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və "Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə 17 iyun 2015-ci il tarixli fərmanında dəyişiklik edib.


XəzərXəbər xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilib.


Sənəddə həmçinin deyilir:


Nazirlər Kabineti:


- daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq "Elektron hökumət” İnformasiya Sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını və məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb ölkə prezidentinə məlumat versin;


- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.


İqtisadiyyat Nazirliyi:


- daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-nə qədər təmin edib ölkə prezidentinə məlumat versin;


- daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış bu fərmanın 4.1-ci bəndi icra olunana qədər itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi və hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görsün;


- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Xəbər lenti