Xəzər Xəbər

Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümünə hazırlaşır

İqtisadiyyat | 13:30 • 17 Avqust 2020
Naxçıvan Beynəlxalq Hava Limanı payız-qış mövsümünə hazırlaşır

Naxçıvan Beynəlxalq Hava Limanının payız-qış mövsümünə hazırlıqla əlaqədar maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin mövsümə hazırlanması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter alıb.


Mövsümlə əlaqədar aerodromun normal istismarının təmin edilməsi üçün bir sıra təlimata uyğun məqsədyönlü tədbirlər həyata keçirilir. Payız-qış mövsümü ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlarda nişanlama aparılır. Perronda açıq-örtülü drenaj xətləri yoxlanılır və profilaktik tədbirlər görülür. Aerodromun yan və son təhlükəsizlik zolaqlarında təmizləmə aerovağzal kompleksi və yardımçı binaların qurğularında mövsüm ilə əlaqədar lazımi təmir işləri aparılır.


Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran məsələlərə həsr olunmuş iclasda qeyd olunub ki, uçuş-enmə zolağının sürüşmə əmsalını ölçmək üçün "ATT-2” və "Skidometr” qurğuları laboratoriyada yoxlanılıb, texniki baxış keçirilib, köməkçi yolların və səkilərin qardan təmizlənməsi üçün 4 qartəmizləyən hazır vəziyyətə gətirilib. Qış mövsümündə uçuş-enmə zolağının, perronun qar və buzdan təmizlənməsi üçün lazım olan 20 min kiloqram donmaya qarşı hazır maye ehtiyatı yaradılıb. Hazırda yanacaq-sürtgü materialları anbarında 2 206 665 litr "TS-1” təyyarə, 137 min 232 litr dizel, 9 min 485 litr isə "A-92” benzin yanacağı ehtiyatı yaradılıb.


Payız-qış mövsümü ilə əlaqədar aerovağzal kompleksində, inzibati və yardımçı binaların istilik şəbəkələri, uçuş-enmə zolağının işıqlandırma sistemi və digər texniki avadanlıqlar yoxlanılıb.


Aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması, nəzərdə tutulmuş reyslərin müntəzəm olaraq qrafik üzrə yerinə yetirilməsi üçün qış aylarında hava gəmilərinin buzlaşmaya qarşı emal edilməsi üçün 12 min 970 litr Kilfrost DF Plus, 6 min 662 litr Kilfrost ABC S Plus, 29 min litr Kilfrost ABC K Plus ehtiyatı yaradılıb.


Xidmətin balansında olan buzlaşmaya qarşı emal mayelərindən götürülən nümunələr GHC-nin laboratoriyasında yoxlanılıb və analiz nəticələri əldə olunub. Personalın buzlaşmaya qarşı emalın təşkilinə hazırlığı üçün işçilər instruktorluq kursunda iştirak edib və sertifikat alıblar. Xidmətdə olan digər texnikalara, o cümlədən TUG TMD 250 tipli hava starterinə, Hobart 90 kVa tipli elektrik aqreqatına mövsümi və reqlamentləşdirilmiş texniki qulluq göstərilib. Johnston Sweepers markalı avtotəmizləyiciyə, Volvo, MAN, 2 ədəd Mercedes Actors qartəmizləyicilərinə, SUPRA qarpüskürən, Damman mayepüskürən avtomobillərə texniki baxış keçirilərək mövsümə hazırlanıb, MAZ 5337 və Caterpillar markalı ekskavatora texniki qulluq olunaraq saz vəziyyətə gətirilib. Qış aylarında hava gəmilərinin buzlaşmasına qarşı emal üçün nəzərdə tutulmuş İsuzu və Global mayepüskürən maşınların reqlament üzrə istismarına dair sürücülərə profilaktik dərslər keçilir. Aerodromda hərəkət edən maşın-mexanizmlərin sürücüləri ilə qartəmizləmə zamanı səmərəliliyin və iş məhsuldarlığının yüksək olması yönündə maarifləndirmə işləri aparılır.


Hava limanı ərazisində yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlər görülüb, maşın və texnikalar mövsümə hazırlanıb. Bütün postlar mövsümlə əlaqədar yoxlanıb, bütün işçilər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılıb. Mövsümlə əlaqədar olaraq işçi heyət yeni qış geyim formaları ilə təmin olunub./AZƏRTAC

Xəbər lenti