Xəzər Xəbər

Fındıq ixracında rəqabət çətinləşə bilər

İqtisadiyyat | 15:56 • 13 Avqust 2020
Fındıq ixracında rəqabət çətinləşə bilər

Kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında hər il müxtəlif daşqınların, leysan yağışlarının, təbii fəlakətlərin baş verməsi təhlükə rolunu oynayır. Bu il isə koronavirus pandemiyasının yayılması qeyri-neft sektorunun müxtəlif sektoruna olduğu kimi kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üçün də əməlli-başlı maneə rolunu oynadı.


Azərbaycanda kənd təsərrüfatı məhsulları içərisində fındıq istehsalı və ixracı özünəməxsus yer tutur. Bəs pandemiya fındıq təsərrüfatlarına, onların iqtisadi fəaliyyətlərinə necə təsir göstərib?


Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov "Report”a verdiyi açıqlamada bildirib ki, pandemiya fındıqçılıq sahəsinə ciddi zərər verməyib:


"Azərbaycanda fındığın əsas ixracı sentyabrda olduğu üçün pandemiya bizə bir o qədər təsir etmədi. Karantin vaxtına qədər artıq ixracın 80%-i həyata keçirilmişdi. Hazırda yeni mövsüm başlayır. Müəssisələrdə karantin qaydalarına riayət olunması ilə bağlı təbliğat aparırıq ki, pandemiyanın növbəti dalğası olsa biz əziyyət çəkməyək. Hazırda müəssisələr mövsümqabağı tam dezinfeksiya olunur.



Pandemiya fındıq təsərrüfatlarda da ciddi problem yaratmayıb. Fındıq budaqları çox da qulluq tələb etmədiyi üçün elə bir zərər olmadı. Fındıq yığımı təqribən avqustda başlayır və sentyabrın sonuna qədər davam edir. Çox vaxt sentyabrın 15-nə yekunlaşır. Ona görə də kəskin pandemiya dövrü bizim fəaliyyətimizə ciddi maneə göstərmədi”.


İ.Orucov artıq fındıq istehsalının başladığını bildirib:


"Hazırda Xaçmaz bölgəsində istehsal artıq başlayıb. Zaqatalada ayın sonu başlayacaq. Maksimum dərəcədə çalışacağıq ki, istehsal və ixrac dayanmasın. Bu ayın sonlarına yaxın ixrac da başlayacaq. Hər il Azərbaycandan orta hesabla 20 min ton fındıq ləpəsi ixrac olunur. İşlənmiş fındıq deyirlər ona. Bu il də bir o qədər ixrac olacağını düşünürəm. Cüzi artım da ola bilər. Amma pandemiya olduğu üçün tam əminliklə nəsə demək çətindir.


Bizdə əsas fındıq ixrac edən bölgələr Xaçmaz və Qubadır. Respublikadakı fındıq ixracının 20-25%-i bu bölgələrin payına düşür. Sonrakı bölgələr Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən bölgələridir. Son illər Qazaxda da artım var. Amma bu ümumi ixracın təqribən 3%-ini təşkil edir.  Fındıq ixracımızın əsas istiqamətləri Rusiya, İtaliya və Almaniya bazarlarıdır”.


Assosiasiya sədrinin sözlərinə görə pandemiya ilə bağlı yaranmış daşıma çətinlikləri fındıq ixracına mənfi təsir etməyəcək:




"Fındıq tez xarab olan məhsul olmadığı üçün elə bir qorxumuz yoxdur. Logistikada problemlər olanda alternativ yollardan istifadə edə bilirik. Məsələn, Avropaya təkcə Rusiya üzərindən deyil, Türkiyə üzərindən də məhsul göndərmək olur. Bu ixracatçının öz qərarıdır. Lazım olanda marşrut xəttini dəyişmək mümkündür”.


İ. Orucov fındıq ixracı bazarında rəqabətin çətinləşdiyini söyləyib:


"Pandemiya dünya bazarına böyük təsir göstərib. Bazarda rəqabəti qorumaq çətinləşib. Çünki fındığın ən yaxın rəqibi badamdır. Badamın indiki halda dünya bazarında qiyməti 8 ABŞ dollarından 5 ABŞ dollara enib. Bu məhsulun dünyada ən böyük istehsalçısı ABŞ, əsas alıcısı isə Çindir. Çinlə ixracın azalması dünya bazarında badamın çox olması və qiymətlərin enməsinə gətirib çıxarıb. Odur ki, qiymət baxımından fındıq ixracında çətin rəqabət olacaq. Xüsusilə şokolad istehsalında fındığa ən yaxın rəqib badam hesab olunur”.

Xəbər lenti