Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib.
ABA-dan xezerxeber.az-a bildirilib ki, iclas zamanı ölkə daxilində ödəniş kartları ilə aparılan müxtəlif növ əməliyyatlarda beynəlxalq kart təşkilatları üzrə vahid interçeync xidmət haqlarının tətbiq edilməsi müzakirə edilib və bu siyasətin tətbiq edilməsi dəstəklənib. Həmçinin Azərbaycan Mərkəzi Bankı qarşısında bununla bağlı məsələnin qaldırılması qərara alınıb.
Müzakirələr zamanı, beynəlxalq kart təşkilatlarından olan "MasterCard Worldwide” ilə göstərilən xidmətlərə görə hesablaşmaların aparılması zamanı ikiqat vergitutmanın tətbiq olunduğu açıqlanaraq bu məsələdə dəstək olmaq üçün aidiyyəti hökumət qurumlarına müraciət edilməsi razılaşdırılıb.
Görüşdə, həmçinin "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində "Baza bank xidmətləri paketi” layihəsinə toxunularaq tətbiqi istiqamətləri müzakirə olunub.
Bır sıra mövzuların müzakirə olunduğu görüşdə ölkəmizin ödəniş ekosistemində təmsil olunan müxtəlif maliyyə institutları, o cümlədən pulköçürmə sistemlərinə münasibətdə eksklüziv yanaşmanın aradan qaldırılması zərurəti də qeyd edilib.