Azərbaycanda koronavirus pandemiyası nəticəsində ət tədarük edən fermerlərin işi zəifləyib.
Bu barədə Trend-ə açıqlamasında Ət və Ət məhsulları Məmulatları İstehsalçıları Assosiasiyasının sədr müavini Vüqar Xanbəyli deyib.
Onun sözlərinə görə, pandemiya bu sahədə də zəifləməyə səbəb olub: "Bilirsiniz ki, hazırda restoran, kafelər fəaliyyətini dayandırıb. Ona görə də ət məhsullarına tələbat azalıb. Ət məmulatları da əsasən həmin obyektlərə paylanılırdı. Pandemiya ilə əlaqədar həmin obyektlərə satış olmaması bu sahəni zəiflədib. Demək olar ki, ət və ət məmulatlarının satışı 25-30 faiz azalıb".
Sədr müavini bildirib ki, bununla bağlı ət məmulatları istehsalçıları ilə müzakirələr aparılır, sahibkarların pandemiyadan daha az zərərlə çıxması üçün çıxış yolları axtarılır: "Bununla bağlı onlayn müzakirələr aparmışıq və bu proses davam edir. Hazırda ət emalı müəssisələri əsasən super marketlərlərlə işləyirlər, istehsal etdikləri məhsulları həmin ticarət şəbəkələrinə daşıyırlar. Hər ay bir dəfə bununla bağlı müzakirələr aparırıq".