Azərbaycan Respublikası ilə İran Ərdəbil vilayətində müştərək sənaye şəhərciyi ilə yanaşı, logistika mərkəzi də yaradacaqlar.
Bu sözləri Ərdəbil vilayətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan deyib. O bildirib ki, bununla yanaşı Ərdəbil-Parsabad dəmir yolu xəttinin çəkilişi də Azərbaycan tərəfi ilə müzakirə edilib.
Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar də bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək.
Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycanın Baş Nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın İqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsənd ilə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub. (AZƏRTAC)