Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən planetin 600 milyon sakinində qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsində hər 10 nəfərdən biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya irimiqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Ona görə də, təhlükəsiz qida ilə qidalanmamaq nəticəsində mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən çoxq xəstəliyə yoluxma halı baş verir.
Xezerxeber.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 2018-ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilib.
Ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.
2019-cu il aprelin 29-da isə ölkə başçısının müvafiq Fərmanı ilə "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir.