Xəzər Xəbər

Gözəl və gəlirli: Qızılgül milyardlarla dollara gəl-gəl deyir

İqtisadiyyat | 17:38 • 6 İyun 2020
Gözəl və gəlirli:

"Qızılgüllər diyarı”nda məhsul yığımı başlayıb. Perspektivdə qızıl gül Zaqatalaya milyardlar qazandıra bilər.

"Zaqatala qızılgüllər diyarıdır” sözünü çox eşitmişik. Doğrudan da, sözügedən rayon aprel, may və iyun aylarında sanki cənnəti xatırladır. Hər tərəf qızılgüllərlə əhatə olunub. Elə biz də cənnətin həzzini yaxından hiss etmək üçün yollandıq Zaqatalada yerləsən "AzRose” MMC-nin plantasiyasına. Plantasiyaya girər-girməz qızılgüllərin ətri bizi bihuş etdi.

Son günlər havaların yağmurlu keçməsi gül yığımını gecikdirsə də, məhsuldarlığa təsir etməyib. Gül yığımına əsasən səhərin erkən saatlarında başlanır. Çünki, şehi quruduqdan sonra toplanan gülün keyfiyyəti də azalır. Ümumi sahəsi 183 ha olan ərazidə qızılgül və lavanda sahələri salınıb. Hazırda 145 ha ərazidə qızılgül yığımı aparılır. Müəssisədə 50 nəfər daimi işçidən əlavə, gültoplama dönəmində 1500 nəfər mövsümi işlərə cəlb olunur.

Şirkətin baş aqronomu Abdulla Qurbanovla birlikdə sahəni qarış-qarış gəzdik. Öz işinə sidq-ürəkdən bağlı olan Abdulla müəllim, qızlgül yığımı və onun aqrotexniki qaydaları haqqında Sputnik Azərbaycan-a danışdı:

"3 ildir şirkət yaranıb. Bu qızılgül növünü Bolqarıstandan gətirmişik. Bu yağlı sortdur, zərərverici həşaratlara və şaxtaya davamlıdır. Burada iki sort var: "Dəməşq” və "Raduqa”. 2017-ci ildən bu işə başlamışıq. 2017-ci ildə 64 hektar, 2018-ci ildə 61 hektar, 2019-cu ildə isə 20 hektar gül plantasiyası salmışıq. Keçən il aprelin 28-dən başladıq. Hava şəraiti ilə əlaqədar olaraq bu il 12 gün gecikdik. Keçən il 280 ton, bu il isə indiyə qədər 300 ton qızılgül ləçəyi toplamışıq. Yığım davam edir, hədəfimiz 500 tondur. Gələcək hədəfimiz isə 1000 tondur”.

Bu ilin gül yığımı üçün əlverişsiz olduğunu söyləyən aqronom, 30 ildir efir yağlı bitkilərin yetişdirilməsi ilə məşğuldur: "Əvvəllər Zaqatalada efir yağları sovxoz-zavodunda 200 hektar sahədə gül plantasiyası salınmışdı. O zamanlar sovet texnologiyası ilə yağ istehsal edirdik, yağ birbaşa Moskvaya ixrac olunurdu. Sovetlər dağılandan sonra burada mini sex yaratmışdıq, orada yağ istehsal edib Almaniyaya ixrac edirdik. İndi sertifikatlaşma dövrüdür, sertifikatlaşma dövrü bitən kimi, yağ Avropa standartlarına uyğun olaraq birbaşa Almaniyaya ixrac ediləcək. Yağdan başqa, qızılgüldən gülqənd, mürəbbə, gülab, gül suyu hazırlamaq mümkündür. Hətta əvvəl işlədiyimiz sexdə gül dekoru da istehsal etmişik”.

Aqronomun dediyinə görə, Zaqatalanın qızılgüllər diyarı olması təsadüfi deyilmiş: "Ukraynanın Simferopol şəhərində gülçülük elmi-tətqiqat universiteti var idi. Orada araşdırılmışdı ki, qızılgülün inkişafı üçün ən əlverişli bölgə məhz Zaqataladır. Sovetlər dönəmində də qızılgül bizim iqlimə uyğun gəldiyi üçün məhz burada yetişdirilirdi. Qızılgül əsasən dağətəyi zonada yetişdirilir. Nə çox soyuq, nə də isti olmaz. Mülayim iqlim şəraitində yetişdirməlidir”.

Qurbanovun sözlərinə görə, ən yaxşı işçi gün ərzində 50-60 kq gül yığa bilir. Bu, vaxtla bağlıdır. Belə ki, aprelin sonları və mayın əvvəllərində gülün açılışı zəif olur. Amma mayın ortalarına yaxın güllər açılır, bol məhsul əldə etmək mümkün olur.

"Hər hansı bir bitkidən bol məhsul əldə etmək üçün onun aqrotexniki qaydalarına riayət etmək lazımdır. Qızılgüldə də belədir. Onun vaxtında budanması, orqanik gübrələrin vaxtında verilməsi vacibdir. Biz ona kimyəvi gübrələr versək, Avropa bu yağı almayacaq. Onların çox həssas laboratoriyaları var, kimyəvi dərman və gübrə verilsə, həmin an məhsulu geri qaytararlar”, - deyə A.Qurbanov bildirib.

Toplanan güllərin ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı zavodunda emal edilir. İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metod əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır.


"Azrose” MMC-nin texnoloqu Təbriz Allahverdiyevlə birlikdə istehsal sexinə daxil olduq. Texnoloqun sözlərinə görə, bu sexdə yalnız efir yağları istehsal olunur: "Hazırda yığılan gülün miqdarı 300 tondan yuxarıdır. 3 ton 600 kq güldən 1 litr yağ alınır. Əvvəlcə gül ləçəkləri distilyar qazanlara yığılır. Öncə gül suyu alırıq, gül suyunu aldıqdan sonra göndəririk voronik qazanın tankerinə. Burada istehsal olunan yağ ekoloji təmiz yağdır”.

Müsahibimizin sözlərinə görə, ekoloji təmiz yağın qiyməti olduqca bahadır: "Barəsində danışdığım yağın 1 qramının qiyməti 8500 avrodur. Bu gün bazarda satılan sintetik kimyəvi yağların qiyməti isə 2-3 manatdır. Ümumiyyətlə, qida sənayesində bu yağlar baha olduğundan, istehsalçı bu yağı almır, sintetik yağlar alır. Bilirik ki, sintetik yağlar insan orqanizminə ziyanlıdır. Sovetlər dönəmində bu yağdan limonat istehsalında istifadə olunub”.

Orqanik məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Texnoloq düşünür ki, məhsulun xarici bazarlara ixracı, ölkənin qeyri-neft sektorunda ixrac potensialının və çeşidinin artımına dəstək verəcək.

Zavodun anbardarı Sabir İbrayevlə söhbətimizi davam etdiririk. Anbardar Sabir bəy prosesin gedişatını bizimlə bölüşür. O deyir ki, prosesin hər detalı vacib olduğu kimi, onun anbara təhvil verilməsi də bir o qədər diqqət tələb edir: "Hər bir fəhlə topladığı gülü traktorlara təhvil verir. Fəhlənin yığdığı gülü çəkilir, ona qəbz verilir. Fəhlələr həmin qəbzi kassaya verib, yığdığı gülün miqdarına uyğun pulunu alır. Yığılmış güllərlə dolu traktor tərəzinin üzərində dayanır, çəkilir. Sonra anbara təhvil verilir”.

Bu prosesdə ən çox əmək sərf edən insanlardan biri də gülləri toplayan fəhlələrdir. Onlarla da bir az söhbətləşdik. Bura pul qazanmaq üçün gələnlərdən başqa, sevimli məşğuliyyət üçün gələnlər də var. Elə Rəvanə Məmmədova kimi.

Rəvanə xanım müəllimdir. Dediyinə görə, karantin dövründə onlayn dərslər saat 11-də başladığına görə, səhər tezdən kənd camaatına qoşulub gül yığımında iştirak edir: "Dərslər saat 11-də başlayır. Biz isə səhər tezdən bura gəlirik, saat 11-ə qədər gülümü yığıb gedirəm evə, dərsimi keçirəm. Bu, mənim üçün həm əlavə qazanc yeri, həm də sevimli məşğuliyyətdir”.

Gülsevər Əliyeva 2 ildir gül yığımında iştirak edir: "10 gündən artıqdır ki, biz səhər tezdən gül yığımına gəlirik. Saat 11-ə qədər işləyib, gülümüzü təhvil verib pulumuzu alırıq. Havalar yağmurlu və soyuq keçdiyinə görə, bu il yığım gecikdi, amma ümid edirik ki, bu il də yaxşı məhsul toplanacaq.

Briqadir Gülnaz Süleymanova deyir ki, gül yığımının əsas vacib şərtlərindən biri də qönçələri və tumurcuqları zədələməməkdir: "Qızılgülləri toplayarkən diqqətli olmaq lazımdır. Tam açılmış gül yığılmalıdır. Qönçələri yığan işçiyə töhmət verilir. Bəzən işçilər gül ağır gəlsin deyə yığırlar, çünki, qönçələr daha ağır olur. Həmin şəxs töhmət alır, bir daha təkrar edərsə, işindən azad olunur”.

Vüsalə Dəmirova isə zəhmət haqqının azlığından şikayətçidir: "Kilosunu 40 qəpikdən təhvil alırlar. Bu da bizə sərf etmir. Rayonda iş yerlərinin olmadığına görə, hər kəs bura işləməyə gəlir. Hər şeyə pul veririk: qaza, suya, işığa. Amma bölgədə iş yerləri olduqca azdır. Bu iş də mövsümi işdir, zəhmət haqqı çox azdır. Qızılgülün ləçəyindən kilo bitirmək sizə asan gəlməsin. Təbii ki, gözəldir, ətri insana xoş təsir edir, amma qiyməti də bir az artırsalar, bu bizə ikiqat xoş təsir bağışlayar”./Sputnik Azərbaycan

Xəbər lenti

Çox oxunanlar