Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə bağlı məlumat yayıb.
AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən Ukraynanın yüksək patogen quş qripi xəstəliyi qeydə alınan ərazilərində aparılan epizootiya əleyhinə tədbirlər nəticəsində yüksək patogen quş qripi xəstəliyinin yeni alovlanmaları qeydə alınmayıb. Bununla da, Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.
Bütün bunları nəzərə alaraq, AQTA tərəfindən Vinnitsa vilayəti istisna olmaqla, Ukraynanın digər ərazilərindən Azərbaycan Respublikasına idxal olunan diri quş və quşçuluq məhsullarının idxalına 30 yanvar 2020-ci il tarixindən etibarən tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Qərar 1 mart 2020-ci il və sonrakı tarixlərdə istehsal edilən diri quş və quşçuluq məhsullarına şamil edilir.
Eyni zamanda Ukraynadan respublikamıza birbaşa gələn və ya tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tövsiyə edir ki, yüksək patogen quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təynatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.